Bakı metrosunda "təhlükəsizlik qapıları" quraşdırılacaqmı? | Rəsmi mövqe

 Bakı metrosunda "təhlükəsizlik qapıları" quraşdırılacaqmı?  | Rəsmi mövqe
  25 İyul 2024    Oxunub:1465
Hər kəs mənzil başına rahat, vaxtında və ən əsası isə sağ-salamat çatmaq istəyir. Təəssüf ki, bəzən istəmək yetərli olmur. Bizi gedəcəyimiz yerə aparan nəqliyyat vasitələrində texniki nasazlıqlar, insan faktorları və fövqəladə hallar nəticəsində bədbəxt hadisələr qaçılmaz olur.
Qurtuluş təhlükəsizlik tədbirlərinin gücləndirilməsindədir. Bu baxımdan həm sürücülərin, həm də sərnişinlərin maariflədiriliməsi mütləqdir. Ancaq nəqliyyatın təhlükəsizliyi təmin edilməyibsə, sürücünün peşəkar, sərnişinin məsuliyyətli olmasının önəmi qalmır. Bu gün müraciət etdiyimiz mövzu yeraltı nəqliyyatda, Bakı şəhərində sakinlərin ən çox istifadə etdiyi metroda təhlükəsizliklə bağlıdır.

İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salanda görürük ki, bizim metromuzda təhlükəsizlik səviyyəsi çox da yüksək deyil. Məsələn, bir çox ölkələrdə qəzaların qarşısını almaq üçün stansiyalarda "platforma təhlükəsizlik qapıları" quraşdırılıb. Rusiya, Belarus, Avstraliya, Braziliya, Böyük Britaniya, Hindistan, Çin, Yaponiya, İtaliya, İspaniya, Malayziya, ABŞ, Tayland, Sinqapur və digər ölkələrin metrolarında belə qapılara rast gəlinir.

Əsasən monorels stansiyalarda istifadə olunan, bu qapılar gözləmə platformalarını qatar yollarından ayırır, bir növ qoruyucu sədd rolunu oynayır və yalnız qatar gəldikdən sonra açılır. Yəni onların sayəsində sərnişinin qatar yoluna yıxılma təhlükəsi aradan qalxır. Halbuki, ölkəmizdə bir neçə dəfə bunun əksinin şahidi olmuşuq.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov AzVision.az -a bildirdi ki, Azərbaycanın bütün metro stansiyalarında təhlükəsizliklə bağlı bütün məsələlər müntəzəm diqqətdə saxlanılır. Sözügedən qapıların quraşdırılmasına gəlincə, bildirdi ki, bunun üçün stansiyalarda müvafiq şərait yaradılmalıdır:

“Platforma təhlükəsizlik qapılarının quraşdırılması ilə bağlı bir neçə il bundan əvvəl “28 May” stansiyasında araşdırma aparılıb. Nəticədə məlum olub ki, sovet dövründə inşa olunmuş Bakı metropoliteni stansiyalarında bu tip qapıların quraşdırılması nəzərdə tutulmadığından lazımi şərait yoxdur. Bu sistemlərin quraşdırılacağı stansiya platformalarının özülü konstruktiv qaydada gücləndirilməlidir.

Ən vacib şərtlərdən biri qatarların və təhlükəsizlik qapılarının üst-üstə düşmək şərtilə yubanmadan açılmasıdır. Stansiyalarda hava axının düzgün tənzimlənməsi də olduqca vacibdir ”.

Qurum rəsmisi qeyd edib ki, platforma qapılarının quraşdırılması çətin və baha başa gəlir:

“Təhlükəsizlik məsələlərinin həyata keçirilməsinin müəyyən ardıcıllığı və prioritetləri olmalıdır. Dərnəgül"dən və "İçərişəhər"dən gələn qatarlar "Həzi Aslanov"a qədər bir xəttlə hərəkət edir. Hər xətt müstəqil fəaliyyət göstərərsə, tənzimləmələrin digər növlərinə keçmək olar.

Ümumən bu istiqamətdə işlərin aparılmadığını demək düzgün deyil. Çünki Bakı Metropoliteni təhlükəsizliyin təmin edilməsi üçün bir çox istiqamətlərdə təsirli mexanizmlərdən istifadə edir. Gündəlik iş prosesi çərçivəsində mütləq qaydada təhlillər aparılır”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Metro  





Xəbər lenti